Məscid Ordubad şəhərinin M.Sidqi küçəsində yerləşir.

Bu məscidin tikilmə tarixi dəqiq məlum olmasa da, onun XVII əsrdə inşa olunduğu ehtimal edilir. Seyyid Səbri “Şərq qapısı” qəzetinin 15 sentyabr 1926-cı il tarixli məqaləsində yazıb ki: “1902-ci ildə Came məscidi təmir edilərkən kərpic üzərində həkk edilmiş bir kitabə tapılmışdır. Həmin kitabədə hicri 111-ci (729) il tarixi və “Harun” sözü yazılmışdır”. Ehtimal olunur ki, bu kitabə məscidin inşa tarixini əks etdirir. Bəzi məlumatlara görə isə, ibadətgah yerli əhali tərəfindən, varlı bir qadının təşəbbüsü ilə təxminən XVIII əsrdə inşa olunub. Bəzi mənbələrə görə isə məscid 1604-cü ildə tikilib.

Tikili əvvəlcə alban kilsəsi olub, sonradan isə məscid formasına salınıb və genişləndirilib. Naxçıvan ərazisində bu günədək gəlib çatan ilk məscidlərdən biridir.

Bu məscidin giriş qapısının baş tərəfinə yerləşdirilmiş kitabədə Səfəvi hökmdarı I Şah Abbasın Ordubad əhalisinin vergilərdən azad edilməsi haqqında 1604-cü ildə verdiyi fərmanın mətni həkk olunub.

Dağ üstündə yerləşmiş bu məscidin divarları kərpicdən tikilib. Cümə məscidinin qoz ağacından hazırlanmış üç giriş qapısı var. Bu qapılara dabanlı qapılar deyilir. Məscidinin giriş qapısının üstündə ərəb və fars dillərində daş üzərində yazılar həkk olunub. İbadətgahın daxili divarlarında rəngli Quran ayələri, hədislər, dini mətnlərlə bəzədilib. Məscidin altı günbəzi var, lakin minarəsi yoxdur.

İbadətgahın mehrabı məscidin mərkəzində yerləşir. Mehrabın üstündə, günbəzdə kvadrat formasında “Həşr” surəsinin axırıncı ayəsi həkk olunub. Bu mehrabın bir qədər yuxarısında “Allah” və 14 məsumun adı yazılıb. Məscidin mehrabının baş tərəfində isə “Ayət əl-Kürsi” var. Mehrabın üstündəki “Əli” sözü ornament işləməsi ilə dörd dəfə təkrarlanır. Məscidin mehrabında nəbati ornamentlər (təbiət formalarından ibarət olan naxışlar) də mövcuddur.

Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Hər iki şöbə sütun və tağlarla rövnəqlənib. Kişilər şöbəsinə şimaldan və şərq tərəfdən giriş qapısı var.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.
  2. Hacıfəxrəddin Səfərli. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  3. Naxçıvan ensiklopediyası. Naxçıvan-2005.
  4. http://www.serqqapisi.az