Şeyxin idarəsinin rəqəmləri Statistika Komitəsinin rəsmi rəqəmlərindən daha məntiqlidir. Bu sözləri aprelin 27-də iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Məlumatda deyilir ki, rəsmi statistikaya görə, Azərbaycanda inflyasiya 12,2%, ərzaq inflyasiyası isə 18%-ə qədər olub. Buna əsasən, ekspert hesab edir ki, QMİ-nin fitrə zəkatı üçün müəyyən etdiyi məbləğ daha münasibdir. Belə ki, idarə bu il üçün fitrənin adambaşına 10-15 manat məbləğində olduğunu bildirib.

“Keçən il QMİ fitrə zəkatının məbləğini 5-10 manat məsləhət görmüşdü, deməli, QMİ ölkədə qiymət artımının, təxminən, 50% olduğunu ehtimal edir. Məncə, Şeyxin idarəsinin rəqəmləri Statistika Komitəsinin rəsmi rəqəmlərindən daha məntiqlidir”, – deyə Natiq Cəfərli əlavə edib. O, həmçinin QMİ-yə öz metodologiyasını Statistika Komitəsi ilə bölüşməyi təklif edib.

Martın 29-da Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu il üçün fitrə zəkatının məbləğini açıqlayıb. Şura üzvləri bu il adambaşına 10-15 manat civarında fitrə zəkatı verilməsini tövsiyə edib.