Səudiyyə Ərəbistanı iordaniyalılar üçün Ümrə ziyarətinə tələb olunan vizanın rüsum məbləğini 10 qat artırıb. Bu barədə aprelin 25-də shiawaves xəbər verib.

İordaniya vətəndaşlarından birinin sözlərinə görə, o, hər dəfə Ramazanda Kəbənin ziyarəti üçün viza almaq məqsədilə müraciət edir. Məlumata görə o, hər dəfəsində təqribən 20 ABŞ dolları məbləğində rüsum ödəyirdi. Lakin bu gün ondan rüsum üçün 200 dollar tələb edirlər.

“Bunun səbəbi aydın deyil, lakin bu xərcin on dəfə artırılması, həqiqətən, ədalətsizlikdir. Fikrimizcə, bu hərəkət Əs-Səud hökumətinin daha çox pul əldə etməsi üçün Həcc və Ümrə məsələsindən sui-istifadəsidir”, – deyə iordaniyalı zəvvar əlavə edib.

Karantin qapanmalarından sonra Azərbaycandan Ümrəyə ziyarət ötən ilin dekabrından başlayıb. Bir nəfər üçün Ümrə ziyarətinə gediş otel fərqindən asılı olaraq 1200-1700 ABŞ dolları arasında dəyişir. Azərbaycandan Saudiyyə Ərəbistanına viza rüsumu 150 dollar təşkil edir.