Ayətullah Sistaninin dəftərxanası İraq üçün bu ilin fitrə zəkatının miqdarını açıqlayıb. Bildirilir ki, adambaşı fitrə zəkatı 2 250 İraq dinarı (təxminən 2,6 manat) məbləğindədir. Bu barədə aprelin 26-sı ABNA xəbər verib.

Fitrə verərkən bir ailədə adambaşına  bir saa (3 kilo buğda, arpa, kişmiş, düyü, xurma) və ya bu məhsulların dəyərində pul ödəmək vazifəsi düşür. Fitrəni yoxsul və ehtiyacı olan insanlara vermək lazımdır. Bildirilir ki, müxtəlif ölkələrdə fitrənin qiyməti dəyişir. Buna səbəb isə müxtəlif ölkələrdə sadalanan məhsulların qiymətində olan fərqdir. Fitrəni pul şəklində vermək istəyən isə bu məhsulların öz ölkəsinə uyğun qiymətini hesablamalıdır.

Martın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycan üçün bu ilin fitrə zəkatının məbləğini adambaşına 10-15 manat civarında qeyd edib. Bu məbləğ ehtiyaclılara və ya məscidlərə verilə bilər. Fitrə zəkatı vermək Fitr bayramında (1 şəvval) hər bir mükəlləf müsəlmana vacibdir. İnsan fitrəni özünün və onun çörək yeyəni sayılan şəxslərin yerinə ödəməlidir.