İslam dinində kişilərin qızıl əşyalar taxması haramdır. Bu, qızıl boyunbağı, qızıl üzük, qızıl saat və qızıldan hazırlanan digər zinət əşyalarına aid edilir. Ayətullah Sistani, Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazinin hökmlərinə əsasən, kişilərin qızıl əşyalar taxması həm namazda, həm də digər hallarda haramdır və onlarla qılınan namaz batildir. Eləcə də kişi paltarının düymələri, sapları, bəzəkləri, yaxud qabaq dişləri qızıldan olmamalıdır, lakin arxa dişləri qızıldan ola bilər. (Ayətullah Xamenei qızıl diş qoydurmağın və ya cərrahiyyə əməliyyatında çıxarılmış sümüyün yerinə qızıl sümükdən istifadə edilməsinin məneəsi olmadığını qeyd edib).

Əgər kişi üzüyünün, yaxud paltarının qızıldan (qızıl işləməli) olduğunu bilməzsə, unudarsa və ya şəkk edərsə və onunla namaz qılarsa, namazı doğrudur.

Qızılın növlərindən və rəngindən asılı olmayaraq, sarı, ağ və yaxud qırmızı qızıl olsa belə, kişilərin taxması haramdır. Platin qızıl deyil, qızıldan fərqli bir metaldır və kişilər ondan istifadə edə bilərlər.

Qeyd edək ki, bu hökm qadınlara aid edilmir. Qadınlar üçün həm namazda, həm də digər hallarda qızıldan istifadə işkalsızdır.