İlahiyyatçı Hacı Şahin Həsənli Qədr gecəsi başın üzərinə Quran qoyma mərasimini tənqid edənlərə cavab verib. Bu barədə aprelin 22-də axar.az xəbər verib.

Din xadiminin sözlərinə görə, sözügedən ayin yeni bir məsələ deyil və ona illərdir ki, riayət edilir. Hacı Şahin hesab edir ki, bu məsələni müzakirəyə çıxaranların məqsədi özlərini gündəmə gətirməkdir. “Bu tipli mövzuları məsxərə, istehza tonunda, ələ salmaqla müzakirəyə çıxarmaq qəti yolverilməzdir. Dini məsələlər – həssas məsələlərdir”, – deyə ilahiyyatçı əlavə edib.

Hacı Şahin bunu da bildirib ki, belə məsələlər müzakirənin tələblərinə cavab verən formada müzakirəyə çıxarılmalıdır. O, məsxərə etməyi toplumun heysiyyatına toxunmaq kimi qəbul edir. Bir dəstə radikal var ki, “Allahu-Əkbər” deyib baş kəsirlər. Din adıyla baş kəsənləri tənqid etmək lazımdır, “Quran”ı başı üzərinə qoyub, dua oxuyanları deyil”, – deyə Şahin Həsənli qeyd edib.

Dünən, aprelin 21-də Elşad Miri Qədr gecəsində başa Quran qoymanı sarkazmla tənqid edib. Onun tənqidi dindarlar tərəfindən məsxərə və təhqir kimi qiymətləndirilib.