Bu gecə, ramazan ayının 21-i (aprelin 22-dən 23-nə keçən gecə) İmam Əlinin (ə.s) şəhadət gecəsidir. Həzrət (ə.s) məsum imamların birincisidir. O, Peyğəmbərin (s) gətirdiyi dini ilk qəbul etmiş kişidir.

Rəvayətlərə görə, hamının gözlərinin qarşısında Kəbənin divarları dağıldı və İmam Əlinin (ə.s) anası içəriyə daxil oldu. Sonra isə divar bitişərək köhnə halına gəldi. Hamı təlaşla Kəbənin qapısını açmaq istəyirdi, lakin qapı açılmırdı. Sonra isə bu hadisədə Allahın bir hikməti olduğunu anladılar. Üç gün sonra Həzrətin anası qucağında nur parçası kimi bir körpə ilə Kəbədən çıxdı və dedi: “Qeybdən gələn bir səs bu körpənin adını Əli qoymamı istədi”.

Gənc yaşlarından valideynlərini itirən İmam Əli (ə.s) uşaqlığını Peyğəmbərin (s) evində, onun tərbiyəsi altında keçirmişdir. O, daim Allah Rəsulunun yanında olmuş və bircə dəfə olsun belə, onun sözündən çıxmamışdır. Peyğəmbər (s) öz qızı Fatiməni (s.ə) İmam Əli (ə.s) ilə evləndirib və bu ailədən İmamət davam etdirilib.

Təbərinin qeydə aldığı tarixdə deyilir ki, Əbdürrəhman ibn Mülcəm, Həccac ibn Abdullahi Teymumiyyi Sarimi və Əmr ibn Əbu Bəkr Teymumiyyi Sədi bir yerdə toplaşdılar. Onlar üçü də xəvaric (dindən çıxmış) idilər və xalqın arasına düşən ixtilafı həll etmək qərarına gəldilər. İbn Mülcəm Həzrət Əlinin (ə.s) öldürülməsini öz üzərinə götürdü.

Bundan əlavə, İbn Mülcəmin bu qətldə şəxsi mənafeyi də var idi. Belə ki o, Şəcnə ibn Əddinin qızı Qutama vurulur. Qutam isə ondan evlilik mehriyyəsi olaraq İmam Əlinin (ə.s) qanını istəyib. Bununla razılaşan İbn Mülcəm qılıncına zəhər sürtərək Kufə məscidinə yola düşüb.

Müttəqilərin mövlası, elm və hikmət çeşməsi Əli ibn Abu Talib (ə.s) hicrətin 40-cı ili ramazan ayının 19-da Kufə məscidində namaz qılarkən hücuma məruz qalıb. O, Əbdürrəhman ibn Mülcəm tərəfindən qılınc zərbəsi ilə başından yaralanıb. Həzrət zərbələndiyi an deyib: “And olsun Kəbənin rəbbinə ki, mən qələbə çaldım”. Bu hadisədən sonra İmam Əli (ə.s) iki gün yaşadı.

Həzrət ramazanın 21-ci gecəsi (cümə gecəsi) şəhadətə çatıb. İmam İraqın Nəcəf şəhərində dəfn olunub və bu gün onun məzarı milyonlarla insanın ziyarət yerinə çevrilib.