Bakının Mərdəkan qəsəbəsində yerləşən Tubaşah məscidi bərpa olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.

Tarixi abidənin təmiri Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forumda müzakirə olunub. Bildirilib ki, bərpa ilə bağlı layihə sənədlərinin hazırlanması artıq yekunlaşıb. Yaxın vaxtlarda məscidin bərpası işlərinə start veriləcək.

Təmir-bərpa işləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək. Tuba Şah məscidi TİKA tərəfindən bərpa olunan ilk Azərbaycan tarixi abidəsidir.

Bundan öncə, abidənin bərpası ötən ilin iyul ayında müzakirə edilib.

Tarixi ibadətgah XV əsrdə inşa edilib. Abidə Şırvanşahlar dövründə memar Məhəmməd ibn Əbu-Bəkr tərəfindən tikilib. Hazırda Tuba Şah məscidi ölkə əhəmiyyətli abidə sayılır.