Gürcüstan müsəlmanları dini məkanların tikintisində qadağalarla üzləşir. Bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Marneuli meriyasının təşkil etdiyi iftar süfrəsində bildirib.

Radio Marneuli”nin verdiyi məlumata görə, Şeyx Ramin İgidov məsələ ilə bağlı aidiyyəti qurumlara və səlahiyyətli şəxslərə müraciət edib. O, qurumlardan anlayış göstərilməsini xahiş edib.

Şeyxin sözlərinə görə, ölkədə müsəlmanlara qarşı hörmət nümayiş etdirilir və onların dini ayınlərini yerinə yetirmələri üçün lazımi şərait yaradılır. Lakin müsəlmanları narahat edən məsələ budur ki, onlar məscidlərin və dini təhsil ocaqlarının tikilməsində qadağalarla üzləşirlər.

“Məsciddən çəkinmək lazım deyil. Əksinə, insanların dini inanclarını rahat şəkildə yaşamaları üçün onların ibadət etmələrinə ehtiyac var. Bu, vətəndaşın təbii haqqıdır. Şərait yaratmaq lazımdır. İnşəallah, ümid edirəm ki, bu problemlərin həlli istiqamətində işlər görülər”, – deyə İgidov bildirib.

Gürcüstanda 250-dən çox məscid mövcuddur. 2014-cü ildə aparılan son əhalinin siyahıyaalınmasına əsasən, Gürcüstanda 398 mindən çox müsəlman yaşayır, bu isə ölkə əhalisinin təxminən 9%-ni təşkil edir.