Azərbaycanda epidemioloji vəziyyətin müsbət göstəricilərinə görə ölkənin quru sərhədləri açıla bilər. Bu barədə deputat Razi Nurullayev “Unikal”a açıqlama verib.

Quru sərhədlərin açılması ilə müqəddəs ziyarətgahlara səfər qiymətinin enməsi də gözlənilir. Belə ki, hazırda Məşhəd ziyarəti Naxçıvan yolu ilə həyata keçirilir. Avtobusla turun qiyməti 180 AZN, təyyarə ilə  260 AZN civarındadır. COVID-19-dan əvvəl zəvvarlar Biləsuvar və Astara sərhədlərindən keçirdilər. Bunun qiyməti isə 100-140 AZN arası dəyişirdi.

“Ümid edirəm ki, yaxın günlərdə quru sərhədlərinin açılması ilə bağlı qərar veriləcək. Məlum olduğu kimi, turizm mövsümü başlayır. Bu baxımdan gecikmədən quru sərhədlərinin açılması lazımdır”, – deyə deputat əlavə edib.

COVİD-19 xəstəliyi səbəbindən 2020-ci ilin 29 fevral tarixindən Azərbaycan-İran sərhədləri bağlanıb. Belə ki, həmin dönəmdə İranda yoluxma sayı sürətlə artmağa başlayıb.