Mübarək ramazan ayı ilə əlaqədar Bakının Yasamal rayonunda yerləşən Fatimeyi-Zəhra (s.ə) məscidində iftar süfrələri qurulur.
Məscid ziyarətçilərinin sözlərinə görə, iftar süfrələri ay başlayandan gündəlik olaraq təşkil olunur. Hər gün təqribən 40 nəfər insan burada öz orucunu açır.
“İlk növbədə şam namazı qılınır, daha sonra isə süfrəyə əyləşərək orucumuzu açırıq”, – deyə ziyarətçilərdən biri qeyd edib. O, süfrədə şorba, şirniyyat və bəzən qablaşdırılmış aş paylarının olmasını da bildirib. “Allaha şükürlər olsun ki, belə məclislər olur. Ehsan süfrələri möminlərin bir araya toplanmasının səbəblərindən biridir”, – deyə ziyarətçi əlavə edib.
Bu il ramazan ayı aprelin 3-də daxil olub. Bu ayda möminlər üçün iftar verməyin böyük savabı var. İmam Sadiq (ə.s) buyurub: “O kəs ki, iftar verər-onun əcr və savabı oruc tutanların savabı kimidir”.
İftar vermək istəyən şəxslər məscidlərə yaxınlaşıb bu məsələni oranın axundu ilə müzakirə edə bilər.