Şeyx Mövla İsmail Qarabaği dövrünün alimi və tədqiqatçısı olub. Alim 1811-ci ildə Qarabağda dünyaya gəlib.
İslam dini elmlərini öyrənmək məqsədi ilə Şeyx Təbriz şəhərinə köçür, Hacı Səfərli mədrəsəsində sakin olur. Bir müddət sonra Qarabaği əvvəlcə Məşhədə, sonra İsfahana, oradan da Tehrana köçür. Tehranda alim Məhəmmədiyə mədrəsəsində qalır, Mövla Hadi Tehrani və Mirzə Məhəmməd Həsən Aştiyani kimi alimlərin ali dərəcəli dərslərində və fiqh məşğələlərində iştirak edir. Qarabaği burada şöhrət qazanır.
1883-cü ildə Şeyx dini təhsilini təkmilləşdirmək üçün İraqa səfər edir. O, əvvəlcə Samirra Mirzayi Şirazinin üsul dərslərində iştirak edir. Ağa Bozorg Tehrani alim haqqıda belə yazırdı: “ O, pərhizkar alim, fəqih və İslam yolunda yorulmaz mübarizə aparanlardan olub”. Alimin dərslərində çox sayda tələbələr iştirak edirdi.
Deyilənlərə görə, Qarabaği müqəddəs məkanları ziyarət etməkdə o qədər tanınmışdır ki, buyururdular ki, hətta Həzrət İmam Zamanın (ə.s) görüşünə nail olub.
Alim 1904-cü ildə Nəcəfdə vəfat edib və “Vadius-salam” qəbiristanlığında dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.