Aprelin 17-si (ramazan ayının 15) İmam Həsən Müctəbanın (ə.s) mövlud günü münasibətilə İmam Əlinin (ə.s) hərəmində bayram məclisi keçirilib. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.

Hərəm Əhli Beyt (ə.s) və İmam Həsən Müctəbanın (ə.s) adlarını və xüsusiyyətlərini əks etdirən bəzəklər, təbii güllər və yaşıl bayraqlarla bəzədilib. Həmçinin hərəmin ziyarətçiləri üçün iftar süfrəsi təşkil olunub.

İmam Həsən Müctəba (ə.s) Həzrət Əlinin (ə.s) və Xanım Zəhranın (s.ə) ilk övladı, Peyğəmbərin (s) ilk nəvəsi, məsum İmamların (ə.s) ikincisidir. Həzrət hicrətin 3-cü ilində ramazan ayının 15-i Mədinə şəhərində dünyaya göz açıb. 7 yaşında ikən İmam anasını və ardı ilə babasını itirir. Atası İmam Əli (ə.s) şəhadətə çatdıqdan sonra Həzrət Həsən (ə.s) imamət məqamına yetişir və müsəlmanların xəlifəsi seçilir. Lakin daha sonra xilafəti Müaviyə təhvil vermək məcburiyyətində qalır. İmam Həsən (ə.s) hicrətin 50-ci ilində 47 yaşında zövcəsi Codə tərəfindən zəhərləndirilərək şəhadətə yetişir. İmamın cənazəsi Mədinədəki Bəqi qəbiristanlığında dəfn edilir.