Gəncə əhali sayına görə Azərbaycanın üçüncü ən böyük şəhəridir. Şəhərdə xeyli sayda zəngin tarixə malik dini abidələr yerləşir. Məşhur din xadimlərinin böyük bir hissəsi məhz Gəncə şəhərinin bəhrəsidir. Lakin hazırda bu diyarın bir sıra dini əhəmiyyət kəsb edən mədəni abidələri ibadətdən qeyri məqsədlər üçün istifadə edilir. Bəziləri isə, ümumiyyətlə, bərbad vəziyyətdədir və qapıları ziyarətçilərin üzünə bağlıdır.
Şəhərin ərazisində ən azı 14 məscid binası var. Onların inşa tarixləri XVII-XX əsrləri əhatə edir.
Bunlardan biri 1884-cü ildə inşa olunmuş Bala Bağman məscididir. Sovet dövründə ibadətgah fəaliyyət göstərməyib. Sonralar məsciddə kitabxana qurulub. Bu gün də məscid 20 saylı kitabxana kimi fəaliyyət göstərir.
Xəlfəli məscidinin inşa tarixi XIX əsrə aiddir. Sovet dövrünün ilk illərində ibadət evi ibtidai məktəb, sonraki illərdə isə kolxoz klubu kimi fəaliyyət göstərib. Deyilənə görə, ibadətgah binasından dustaqxana kimi də istifadə edilib. Hal-hazırda burada 4 saylı kitabxana və Yaradıcılıq evi yerləşir.
Qızıl Hacılı məscidi: 1877-ci ildə inşa edilib. Sovet dövründə burada ateizm klubu və anbar yerləşib. Daha sonra ibadətgahın binasında diş poliklinikası fəaliyyət göstərib və hazırda ibadətgah 22 saylı kitabxana kimi istifadə olunur.
Zərrabi məscidi XIX əsrdə tikilib. Sovet dövründə ibadətgah yaşayış binası kimi, sonralar isə “Nizami Poeziya Teatrı” kimi fəaliyyət göstərib. Hazırda burada 6 saylı kitabxana yerləşir.
XX əsrdə inşa olunmuş Tatlar məscidi kitabxana olaraq istifadə edilir.
Şərəfxanlı məscidi isə hətta nikah evi kimi istifadə edilib və bu gün burada kitabxana yerləşir. İbadət evinin tikintisi 1915-ci ilə təsadüf edir.
Ozan məscidi 1884-cü, bəzi mənbələrə görə isə 1786-cü ildə tikilib. Hal-hazırda ibadətgahda 15 saylı kitabxana fəaliyyət göstərir.
Mollacəlilli məscidi isə XIX əsrdə tikilib. Lakin indi buranın qapıları insanların üzünə bağlıdır.
Sadalanan butün məscidlər yerli və ölkə əhəmiyyətli abidələrdir. Buna baxmayaraq, onların vəziyyəti ilə maraqlanan yoxdur. Belə ki, Mollacəlilli və Qızıl Hacılı məscidləri baxımsız vəziyyətdədir. Tatlar məscidinin isə pəncərələri sındırılıb və ibadət evinin həm daxili, həm xarici dağılır.