Həkim kardioloq Günay Məmmədova iftardan sonra ard-arda siqaret çəkməyin zərərlərindən danışıb. Bu barədə aprelin 16-da aztibb.az xəbər verib.

Həkimin sözlərinə görə, oruc tutan və siqaret asıllığı olan kəslərdə infarkt keçirmək riski daha yüksəkdir. Belə ki, 15-16 saatlıq fasilədən sonra insan orqanizmində oksigenin səviyyəsi artır və bu insana gümrahlıq hissi gətirir. Lakin sonradan çəkilən siqaret oksigenin səviyyəsini endirir və nəticədə orqanizm böhran hissi keçirir.

Bundan əlavə, dumana məruz qalmaq insan orqanizmində bir sıra probemlər yarada bilir. Bunlar: iflic, beyində qansızma, ritm pozuntusu və bir sıra digər xəstəliklərdir. Siqaret tüstüsünün tərkibində karbon monooksid qazı var. Bu da kəskin damar spazması və miokard infarktı ilə nəticələnə bilər.

İslam şəriətinə əsasən, qatı toz və tüstünü boğaza çatdırmaq orucu pozur. Bu səbəbdən oruc tutan şəxslər siqaretdən vaz keçməli olur. Həkimlər ramazan ayının verdiyi fürsətdən yararlanıb sözügedən əməli tərk etməyi tövsiyə edir.