Hindistanlı siyasətçi, “MNS” partiyasının lideri Rac Takri məscidlərdən səsgücləndiricilərin yığışdırılmasını təklif edib. Bu barədə aprelin 14-də shiawaves xəbər verib.

Məlumata görə, məsələ ilə bağlı Takri Hindistan hökümətinə ultimatum verib. O, səsgücləndiricilərinin yığışdırılması üçün mayın 3-dək vaxt verib. Belə ki, onun tələbinə əməl olunmasa “MNS” partiyası məscidlər qarşısında uca səslə Hindu himnini səsləndirəcək.

“Mən heç bir namazın əleyhinə deyiləm, lakin insanlar öz imanlarını yaşadıqları yerdə yerinə yetirməli və başqalarına mane olmamalıdırlar”, – deyə Rac Takri əlavə edib.

Aprelin əvvəlindən Hindistanda məscidlərdə azan səsini zəiflətmək məqsədilə uca səslə hindu ayinləri və duaları səsləndirilir. Hindu fəal Bharat Shetty sözügedən tədbirlərin hər azanda görüləcəyini vurğulayıb.