Azərbaycanda dini təhsili olmayan din xadimləri təhsilli mütəxəssilərlə əvəz ediləcək. Bu barədə aprelin 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov “Report”a müsahibəsində bildirib.

Sədr müavini bildirib ki, sovet dövründə Azərbaycanda dini təhsil ocağı olmayıb. Bu səbəbdən insanlar dini elmləri fərdi şəkildə öyrəniblər. Lakin hazırda vəziyyət dəyişib və ölkədə yetərincə təhsilli ilahiyyatçılar var.

Qurum rəsmisi məsələni bu cür izah edib: “Prinsip budur ki, təhsili olmayan şəxs müəllim, həkim, mühəndis işləyə bilmədiyi kimi, dini təhsili olmayan şəxs də din xadimi olaraq peşəkar dini fəaliyyətlə məşğul ola bilməz və bu, qanunun tələbidir”.

Gündüz İsmayılov bu məsələnin qısa zaman ərzində həll oluna biləcəyinin mümkünsüzlüyünü vurğulayıb. Lakin o, bunu ən tez həll etməyə çalışacağını deyib.

Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınaraq DQİDK-yə verilib.