Azərbaycanda məscidlərə qadın din xadimlərinin təyin olunması nəzərdə tutulub. Bu barədə aprelin 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Report”a müsahibəsində bildirib.
Məlumata görə, qadınlar “dini ayin icraçısı” vəzifələrinə təyin olunacaqlar. Lakin onların yalnız məscidin qadın ziyarətçiləri üçün xidmət göstərəcəkləri bildirilib. Sədr müavininin sözlərinə görə, həmin qadınların da dini təhsilinin olması zəruridir.
“Söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir”, – deyə Gündüz İsmayılov əlavə edib. O, həmçinin sözügedən təcrübənin Azərbaycanda əvvəllər də olduğunu vurğulayıb.
İslam şəriətinə əsasən, qadının yalnız kişilər üçün dini ainləri icra etməsi qadağandır. Müctəhidlərin hökmünə görə, qadın yalnız qadınlar üçün imam camaat ola bilər.