Din xadimi və Maide.az saytının baş redaktoru Sərdar Babayevin həbsdə saxlanılma müddəti daha 5 ay müddətinə artırılıb. Bu barədə aprelin 14-də Maide.az telegram kanalı xəbər verib.

Şeyx Sərdarın vəkili Cavad Cavadovun sözlərinə əsasən, ruhaninin istintaq dövründə həbsdə saxlanma müddəti sentyabrın 19-na qədər uzadılıb. Qərar Səbail rayon məhkəməsinin bugünkü iclasında qəbul edilib.

Məlumata görə, Sərdar Babayev özü də məhkəmədə iştirak edib. Din xadimi ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Sərdar Babayev 2021-ci ilin oktyabrın 19-dan həbsdədir. Din xadimi Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinir. O, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham edilib. Lakin Şeyx Sərdar özünü təqsirli bilmir və həbsinin siyasi motivlər əsasında olduğunu hesab edir.