Keçən cümə günü Babil əyalətindəki Əl-Fəthul Mubin məscidinin xətibi Əli Əl-Məsudi xütbə zamanı qəbirlər üzərində məscid və ziyarətgahlar tikməməyə çağırıb. O hesab edir ki, bu şirk və İslam əqidəsinə ziddir. İraq təhlükəsizlik qüvvələri Əl-Məsudini “dini simvolları və ayinləri təhqir etmək və dini ziyarətgahların sökülməsinə çağırış” ittihamı ilə həbs edib. Bu barədə ShiaNews xəbər verib.

Məlumatda din xadiminin “Əs-Sərxi” cərəyanı ilə əlaqəli olduğu bildirilib. Bu səbəbdən çağırışdan sonra etirazçılar Babildəki cərəyan başçısı Mahmud əl-Sərxinin ofisini yandırıblar.

Müqtəda Əs-Sədr Mahmud əs-Sərxiyə belə çağırışlara görə öz nümayəndəsinə bəraət qazandırmaq üçün üç gün vaxt verib. “Ənənəvi olaraq Əs-Sərxiyə mənsub olan bəziləri Cəfəriyə məzhəbinə azğın inanclar daxil etməyə çalışırlar”, – deyə Müqtəda əs-Sədr bildirib.

Daha sonra, aprelin 13-də İraq məhkəməsi Mahmud əs-Sərxinin həbsinə qərar verib.

Əs-Sərxi 1964-cü ildə Bağdadın Kazimiyyə şəhərində anadan olub və bu şəhərdə təhsil alıb, 1987-ci ildə Bağdad Universitetinin Mühəndislik Kollecini bitirib, 1994-cü ildə Nəcəfdə seminariyaya daxil olub.

Sərxi Ayətullah Sistaninin İŞİDlə mübarizəyə çağırış fətvasına qarşı çıxdıqdan sonra məşhurlaşıb. 2019-cu ildə Əs-Sərxiyə hərəkatı tərəfdarlarının sayı 30 min nəfər təşkil edib. Bundan əlavə, onların dəfələrlə İraq təhlükəsizlik qüvvələri ilə toqquşmaları olub. Əs-Sərxi “dini rəhbərliyə və ənənəvi şiə liderliyinə qarşı çıxan” kimi xarakterizə edilir.