Ramazan ayının gəlişi ilə paytaxt küçələrində dilənçilərin sayı artıb. DİN insanları dələduzlardan qorunmağa çağırıb. Bu barədə aprelin 13-də sfera.az xəbər verib.

Məlumata görə, son günlər dələduzlar yoxsul qismində restoran və digər istirahət obyektlərinə girərək insanları narahat edirlər. Məsələyə DİN-nin Mətbuat Xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev münasibət bildirib. Onun sözlərinə görə, belə şəxslər ramazan ayının gəlişindən istifadə edirlər. Belə ki, bu ayda insanlar mənəvi dəyərlərə daha çox önəm verirlər. Bu da dilənçilik edən şəxslərin ictimaiyyətdə daha çox görünməsinə səbəb olur.

Təbii ki, sədəqə vermək İslam dinində bəyənilən əməldir. Lakin nəzərə almaq lazımdır ki, həmin şəxslərin əmək qabiliyyəti olsa da, onlar daha asan yolla gəlir əldə etmək niyyətindədirlər. Amma qanunda onlar barədə cəza tədbirləri nəzərdə tutulmayıb.

Vəkil Turan Abdullazadə isə bildirib ki, dilənçiləri həbs etmək və ya onları cəzalandırmaq düzgün olmaz. “Onlar hədə-qorxu gələrək insanlardan pul istəmir, onlar rəhm istəyir. Bu səbəbdən dilənçilik cinayət məsuliyyəti daşımır”, – deyə Abdullazadə əlavə edib. Onun sözlərinə görə, dilənçilərin azalması üçün sosial rifah yaxşılaşmalıdır. Lakin hüquqşünas bunu perspektivdə mümkün görmür.