Aprelin 13-də Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkədə ali dini təhsil barədə müsahibə verib. Bu barədə Publika.az xəbər verib.

Aqil Şirinov müsahibəsində Azərbaycanda dini təhsil və dini mühit barədə fikirlərini səsləndirib. Onun sözlərinə görə, hazırda institutda təhsil ödənişsizdir və tələbələr təqaüdlə yanaşı, yemək pulu ilə də təmin olunurlar. Yaşayış yerinə ehtiyacı olan tələbələr üçün yataqxanada yer ayrılır. Bunun xərci isə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən qarşılanır.

Rektor iki tələbənin ali dini təhsili davam etdirmək üçün Türkiyəyə göndərildiyini də vurğulayıb. O hesab edir ki, təhsil ocağının qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, bu, böyük nəticədir. Şirinov bu nailiyyətləri dövlətin İslama göstərdiyi qayğının nəticəsi kimi görür.

İnstitutun rəhbəri sovet dövründə dini təhsilin qadağan olunduğunu əlavə edib. Azərbaycanın müstəqillik qazanması ilə bu qadağa qüvvədən düşdü. Lakin ölkədə dini təhsil inkişaf etmədiyi üçün insanlar xaricə üz tuturdular. Rektorun sözlərinə görə, yerli tələbələr arasında xaricdən mütəxəssis olaraq qayıdanlar olub. Buna baxmayaraq, onların arasında ideoloji təsirə düşmə və müxtəlif qüvvələrin alətinə çevrilmə halları da müşahidə olunub. Buna səbəb isə hər ölkənin öz dini adət- ənənələrinin olması və onları təbliğ etməyin hədəfində olmasıdır. “Bizdə də təhsildə Azərbaycan reallığı, ölkəmizin tarixi-dini ənənəsi nəzərə alınır”, – deyə Aqil Şirinov əlavə edib. İnstitutun əsas məqsədi də bu düşüncədə olan mütəxəssislərin hazırlanmasıdır.

Aprelin 11-də Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışı baş tutub. Yeni bina Yasamal rayonunda, 6-cı paralel kimi tanınan Əcəmi Naxçıvani küçəsində yerləşir. Təhsil ocağı DQİDK-nın tabeliyində fəaliyyət göstərir.