Nijni Novqoroddan olan ailə Türkiyədə azana görə 3 min rubl (60 AZN-dən çox) təzminat alıb. Bu barədə aprelin 11-də İslamNews xəbər verib.

Alexander və Anna iki uşaqla birlikdə hər şey daxil turlar üçün 150 min rubl (3 min AZN-dən çox) ödəyərək Türkiyəyə tətilə getdilər. Ailə tətildə hər gün səhər altıda yaxınlıqda yerləşən məsciddə azan səsindən oyandıqlarına görə turizm agentliyindən mənəvi təzminat tələb ediblər. Onlar məhkəmə yolu ilə işi qazanaraq təzminat ala bildilər.

Ötən əsrin əvvəllərində, 1920-1930-cu illərdə Atatürkün apardığı inqilabi islahatlar nəticəsində ərəb dilində olan ənənəvi azan türk dilinə tərcüməsi ilə əvəz edilmişdir. Yalnız 1950-ci ildə seçkilərdə Demokrat Partiyasının kamalistlərə qalib gəlməsindən sonra Türkiyədə ərəb dilində azan qadağası aradan qaldırılmışdır. Ötən əsrin 60-cı illərinin sonlarında Türkiyənin məscidlərində səsgücləndiricilər istifadəyə verilib. Gündə beş dəfə məscidin minarəsindən azan səsi gəlir. Sübh azanı, adətən, səhər saat 6 radələrində səslənir və bu da bəzə turistlərin narazılığına səbəb olur.