Bu gün, ramazan ayının 10-u (12 aprel) Məhəmməd Peyğəmbərin (s) zövcəsi Xanım Xədicənin (s.ə) vəfat günüdür. Həzrət Xədicə İslamı qəbul edən ilk şəxsdir.

Həzrət hicrətdən 68 il öncə Məkkə şəhərində dünyaya gəlib. Onun atası Xuvəylid bin Əsəd, anası isə Fatimə bint Zaidət ibn Asim idi. Xanımın 40 yaşı olduqda o, 25 yaşlı Həzrət Məhəmmədlə (s) ailə qurur. Bu evlilikdən Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ummu-Külsüm və Fatimeyi-Zəhra (s.ə) adlı altı övlad dünyaya gəlir. Onlardan həyatda qalan isə yalnız Fatimə (s.ə) adlı qız övladı olur.

Xanım Xədicənin (s.ə) bütpərəstlik dövrü belə ismətli olduğuna görə ona “Tahirə” (ismətli xanım) ləqəbi verilib. Bundan əlavə, onu “Ummul-muminin”, yəni “Möminlərin anası” adlandırıblar.

Xanım Allah Rəsulu (s) ilə 24 il ömür sürüb. O, yaşadığı dövrdə hər zaman Peyğəmbərə (s) dəstək olub. Həzrət Məhəmməd (s) buyurub: “Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi”.

Həzrət Xədicə vəfat etdikdən sonra onun cənazəsi Məkkədəki “Əbu Talib” qəbiristanlığında torpağa tapşırılıb. Onun məzarı bugündə müsəlmanların tərəfindən ziyarət edilir.