Fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbrahim Badkubeyi XIX əsrin sonlarında Bakıda anadan olub.

O, ibtidai təhsilini öz şəhərinin alimlərindən aldıqdan sonra dini təhsilini davam etdirmək üçün Nəçəf şəhərinə köçür. Uzun illər İslam elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra Bakıya qayıdaraq, İslam elmlərinin tədrisi və şəriət ehkamlarını bəyan etməklə məşğul olur. Amma bolşeviklərin Azərbaycana hücumundan sonra alim İrana köçür və Təbrizdə məskunlaşır.

1921-ci ildə Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edir. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verir.

Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə, həm də öz evində İslam elmlərini orta və ali səviyyədə tədris etməklə məşğul olurdu. Şəhərin əhalisi ona dərin hörmət bəsləyirdi. Hər kəs çalışırdı ki, ona hansısa bir qulluq etsin. Alim ona verilən bütün hədiyyələri fəqirlərə və yoxsullara verərək, onları himayə edirdi.

Bu şəhərin mömin şəxslərindən biri belə söyləyir: “Hər vaxt ona bir şey verilsəydi fəqirləri və ya ehtiyacı olanları tapıb, onlara kömək edərdi. Tacirlərdən biri bazarda mənə bir hədiyyə verib deyirdi ki, bunu o alimə çatdırım. Mən də hədiyyəni ona verən kimi dərhal onu özümə qaytarıb buyururdu ki, bunu filan fəqirə çatdır”. Bəzi vaxtlar paltarları olmayan fəqirlərin əlindən tutub dükana aparır istədikləri paltarları onlara hədiyyə edirdi. Bu işlə onların qəlbini sevindirirdi.

İbrahim Badkubeyinin həyat yoldaşı Təbrizin Ələvi seyyidələrindən biri idi. Bir gün alimin bu vəziyyətindən narazı halda para-para olmuş paltarı onun qarşısına atır və bu vəziyyətdən şikayət edir. O, son dərəcə mehribançılıqla və mülayimliklə onun sözlərinə qulaq asdıqdan sonra buyurur: “Başqalarının heç o cür köhnə parçası da yoxdur. Bu halda bizə yaraşarmı ki, təzə parçamız olsun!”. Bu dahi alim ruhanilərə, tələbələrə və elm əhlinə dərin ehtiram edirdi. Çox vaxt tələbələrin özlərinə inamı artırmaq və onlara şəxsiyyət vermək üçün tələbələri camaat namazında qabağa verir, özü isə camaatla birlikdə onun arxasında namaz qılardı.

Ayətullah Mirzə İbrahim Badkubeyi 1943-ci ildə vəfat edib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.