Xurma, demək olar ki, hər bir iftar süfrəsinin özəl təamıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xurmanın faydaları haqda məqalə dərc edib.

Bildirilir ki, xurma qan şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında kömək edir. Bir ədəd quru xurma 20-28 kaloridir, lakin növündən asılı olaraq qidalılıq dəyəri dəyişir. Xurmanın tərkibində A, K və B qrup vitaminlər, natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar mövcuddur. Dəmir mineralının sayəsində hemoqlobinin sintezi artır və bu da qanazlığının qarşısının alınmasına effektiv təsir göstərir.

Xurma meyvə şəkəri, zülal, karbohidrat və liflə zəngin olduğu üçün toxluq hissi yaradır və uzun müddət aclığa qarşı müqavimət artır. Əlavə olaraq, xurmadakı zəngin maddələr ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, immun sistemini gücləndirir, göz, dəri və sümük sağlamlığını qoruyur. Xurma hamilə və ya süd verən qadınlara və uşaqlara da tövsiyə olunur.