Ramazan ayında Azərbaycanda restoranlar müxtəlif qiymətlərə iftar menyuları təklif edir. Lakin bir sıra məkanlarda qiymətlər hamı üçün əlverişli deyil. Ekspertlər ağlasığmaz qiymətlər barədə öz rəyini bildiriblər. Bu barədə aprelin 6-da Publika.az xəbər verib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi dosent Elvüsal Məmmədov bildirib ki, restoranlar daha çox qazanc axtarışındadır. Lakin ramazan ayı mənəviyyat ayıdır və bu ay nəfsi islah etmək və zəngin menyulara meyl etmək məqsədəuyğun deyil. “Elə edək ki, Ramazan bizim üçün ilahi mövsüm olsun, nəinki əlavə qidalanma ayı”, – Elvüsal Məmmədov əlavə edib.

İftar qiymətləri ilə bağlı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli də öz fikrini bildirib. O hesab edir ki, restoran sahibləri ramazan ayını öz şəxsi bizneslərinin möhkəmlənməsi üçün sui-istifadə edirlər. Bu da həm milli, həm də dini dəyərlərimizə qarşı hörmətsizlikdir. Üstəlik insanları da israfa dəvət edirlər. “Allah Qurani-Kərimdə buyurur ki, yeyin, için, ancaq israf etməyin. Allah israf edənləri sevməz. Sevgili vətənimizdə insanlar müqəddəs dəyərlərimizi özlərinin pul, sərvət qazancına alət etməsinlər. Çünki ilahi ziyafət Allah qonaqlığıdır. Allah qonaqlığını bu hala gətirmək İslamın qətiyyətlə rədd etdiyi bir əməl, utancverici hərəkətdir. Menyular var ki, bir nəfər üçün 50, 70, 80 manatdır. Əgər bir şəxs oruc tutursa, bunu çoxlu yemək üçün etmir. İnsan ac qalmaqla ac qalanların halını yaşayır, bunun sosial yardımlaşma heysiyyatı var”, – deyə Camal Əzimbəyli qeyd edib.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, restoranların təklif etdiyi ramazan menyularındakı çeşid çoxluğuna ehtiyac yoxdur. “İftar süfrələrində çoxçeşidliliyə gərək yoxdur. Sadə, o qədər baha olmayan menyu ilə də tam sağlam iftar süfrəsini təşkil etmək olar”, – deyə ekspert qeyd edib. O, həmçinin ramazan ayında çoxlu qida qəbul etməyin zərərli olduğunu əlavə edib.

Hazırda Azərbaycan restoranlarının təklif etdiyi imsak menyularının qiyməti bir nəfər üçün ortalama 15 manat təşkil edir. İftar menyuları isə normalda adambaşına 12-25 manat civarındadır. “Günaydın” restoranı isə iftar menyusunu bir nəfər üçün 80 manata təklif edir.