Azərbaycanın böyük İslam alimi Ayətullah Seyyid Hüseyn Badkubeyi 1876-cı ildə Bakının Xırdalan kəndində anadan olub.

Hüseyn Badkubeyinin nəsli üçüncü İmam Hüseyn ibn Əlidən (ə.s) gəlir. O, ibtidai dini təhsilini atası Seyyid Rza ibn Musadan alıb. Gənc yaşlarında atasını itirən Seyyid təhsilini davam etdirmək üçün Tehrana köçüb. O, orada Mirzə Əbülhəsən Cilvə, Mirzə Həsən Kirmanşahid və Haşim İşkəvəri kimi böyük alimlərdən dərs alıb. Tehranda yeddi illik təhsilini bitirdikdə Seyyid Hüseyn fəlsəfə, kəlam və hikmət alimi dərəcəsinə yüksəlib.

İslam elmlərini daha dərindən öyrənmək üçün alim İraqın Nəcəf şəhərinə yollanıb. O, orada Axund Xorasani və Ayətullah əl-üzma Məhəməd Həsən Maməqanidən dərs alıb. Bir müddət sonra Seyyid Hüseynin elmi sorağı Nəcəfin hər yerinə yayılıb. O, Nəcəfdə əqli elmləri tədris edən iki alimdən biri olub. İkinci belə alim əslən Naxçıvanlı olan Ayətullah Naxçıvani Kompanidir.

Seyyid Əli Sistaninin ustadı olan Seyyid Xoyi sadalanan hər iki alimdən dərs alıb. Buna baxmayaraq o, Hüseyn Badkubeyinin fəlsəfi elmini yüksək dəyərləndirib.

Seyyid Hüseyn Badkubeyi 40 ildən artıq İslam elmlərinin tədrisi ilə məşğul olub. O, Əllamə Təbatəbai, Seyyid Xoyi və Ayətullah Milani kimi bir sıra böyük alimlərin müəllimi olub.

Görkəmli filosof Ayətullah Hüseyn Badkubeyi 1939-cu ilin dekabrın 12-si Nəcəfdə vəfat edib. Onun cənazəsi İmam Əlinin (ə.s) hərəmində dəfn edilib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Natiq Rəhimov. Azərbaycanın din alimləri. Bakı-2014.