Aprelin 5-də Səhiyyə Nazirliyi oruc tutanlara qida qəbulu ilə bağlı tövsiyələr edib. Bu barədə Qafqazinfo.az xəbər verib.

Nazirliyin mütəxəssisi Günay İsmayılova bildirib ki, oruc tutan yağlı və karbohidratlarla zəngin qidalardan az istifadə etməlidir. Əsas rasion zülal olmalıdır ki, insan gün ərzində enerjili olsun. Həmçinin yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Belə ki, günboyu boş qalan mədəyə soyuq qidanın daxili spazmalara səbəb ola bilər.

Bundan əlavə, həkim-ekspert imsaka oyanmamağın zərərlərinə də toxunub. Onun sözlərinə görə, boş mədəyə oruc tutmaq aclıq hissini çoxaldır. Nəticədə insan orqanizmində maddələr mübadiləsinin sürəti pozula bilər.

İmsakda iftarla müqayisədə gec həzm olunan qidalardan istifadə etmək lazımdır ki, insan uzun müddətə aclıq hissindən yayınsın. Belə qidaların sırasına süd məhsulları, yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlər daxildir. Sadə ağ çörək yerinə isə kəpəkli çörəkdən istifadə etmək tövsiyə olunur. Belə ki, kəpəkli çörək 4 dəfə gec həzm olunur.

Nazirlik rəsmisi əlavə edib ki, mədəni birdən-birə yükləmək olmaz. Çünki aclıq zamanı maddələr mübadiləsi zəifləyir və çoxlu qida qəbulu köp, sancı və qəbizliyə səbəb ola bilər. Həmçinin davamlı qida qəbulu təzyiq və şəkər yüksəlməsi ilə nəticələnir.

“Ona görə də iftar hissələrə bölünməlidir. Adətən, iftarda oruc su və xurma ilə açılır, daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkilərin tək-tək və ya qarışıq halda dəmlənib içilməsi orqanizm üçün faydalıdır. Oruc tutan şəxslərdə gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür”, – deyə ekspert əlavə edib.