Həkim Şeyx Əbdül-Qasim İrəvani 1774-cü ildə İrəvan şəhərində anadan olub. O, həkim və görkəmli alimlərdən biri idi. İrəvaninin atası Məhəmməd İrəvan qəzasının təbiblərindən olub.
Əbdül-Qasim İrəvani ilk təhsilini və müqəddimat elmlərini İrəvan şəhərində alır, sonra dini elmini təkmilləşdirmək məqsədilə İsfahan şəhərinə səfər edir. O, İsfahan şəhərinin məşhur hikmət və fəlsəfə alimlərindən təhsil alır. İrəvani sonradan Nəcəf şəhərinə gedir və “Riyazul-məsail” kitabının müəllifi olan Seyyid Əli Təbatəbainin üsul və fiqh dərslərində iştirak edir.
O, Mövla Əbdüs-Səməd Həmədani, Hacı Məhəmməd Cəfər Kəbutər Ahəngi və Mövla Abbas Əli Binabi Məraği kimi məşhur və digər böyük şəxsiyyətlərin irfani nəzəriyyələrini mənimsəyir.
Əbdül-Qasim İrəvani sonralar Təbrizə qayıdaraq həm təbabət, həm də əqli elmləri tədris etməyə başlayır. Eyni zamanda ariflərlə, görüşüb onlara lazımi məsləhətlər verirdi. Tibb elmində də çox məharəti var idi. O, Təbrizdə tanınmış həkim Abbas Mirzənin müasiri idi.
Şeyx Əbdül-Qasim İrəvani 1823-cü ildə dünyasını dəyişib və Təbriz şəhərindəki “Seyyid Həmzə” türbəsində dəfn edilib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.