Məscid Gəncə şəhərinin Təbriz küçəsində yerləşir. İbadətgah rus işğalından sonra Borçalıdan Gəncəyə köçənlər tərəfindən inşa edilib. Onlar ilk öncə, Gəncədə məhəllə salıb, 1877-ci ildə isə bu ibadət evini tikiblər.

İbadətgah, həmçinin, “Şabanlı məscidi” kimi tanınır. Deyilənlərə görə, məscidin belə adlandırılması vaxtilə bu ərazidə yaşamış tayfa və ya onun başçısının adı ilə bağlıdır. Digər versiyaya görə, ibadətgah onun tikilməsinə təşəbbüs göstərən şəxsin adı ilə tanınır.

Məscid kərpicdən tikilib. İbadət evinin günbəzi üçkünc formada olan dəmirlər ilə örtülüb. Günbəzin üzərində kuzə və aypara rəmzləri mövcuddur. İbadətgahın içində mehrab yoxdur. Ehtimal edilir ki, mehrab sovet dövründə dağıdılıb. Məscidin həyətində ehsan bulağı da mövcuddur. Bulağın üzərində “Elxanın tərəfindən 12 İmamlara, atasına, anasına və bacılarına ehsan bulağı”.

Sovet dövründə məsciddə ateizm klubu və anbar yerləşib. Daha sonra ibadətgahın binasında diş poliklinikası fəaliyyət göstərib.

Hal-hazırda ibadət evi 22 saylı kitabxananın filialı kimi fəaliyyət göstərir.

Qızıl Hacılı məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  3. http://www.mct.gov.az
  4. https://www.youtube.com