Aprelin 4-də Milli Məclisin deputatı Fazil Mustafa “Location” klubda baş vermiş partlayışın dinlə bağlılığından danışıb. Bu barədə Yenisabah.az xəbər verib.

Deputat bildirib ki, sosial şəbəkələrdə sözügedən hadisəni dinlə əlaqələndirmək düzgün deyil. “Bunu hansısa bir ayla, ibadətlə əlaqələndirməzlər, çünki qəza olanda müsəlman da ölür. Partlayış baş verəndə, bəlkə, onun yaxınından keçən bir müsəlman ölüb, bəlkə bir yaxının xəsarət alıb, bunu necə müəyyən edə bilərsən?”, – deyə millət vəkili əlavə edib.

Fazil Mustafa, həmçinin hesab edir ki, Azərbaycanda beyni lazımi səviyyədə gəlişməmiş dindarlar kifayət qədər çoxdur. O yalnız belə insanların bu hadisəyə sevinə biləcəyini qeyd edib. “Ağıllı insanlar bu hadisəyə yalnız kədərlənə bilərlər”, – deyə deputat söyləyib.

Deputat bildirib ki, bir neçə şəxsin hərəkətini bütün müsəlmanlara şamil etmək olmaz. İnancından asılı olmayaraq insanın ağıllısı da var, səfehi də. “Minlərlə kərbəlayi, məşədi, hacı xanımlar var ki, cəmiyyətin ən yaramaz tör-töküntüləridir. Onlara görə dinə qiymət verilmir ki”, – Fazil Mustafa deyib.

Aprelin 2-dən 3-nə keçən gecə Bakının Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 31 nəfər isə xəsarət alıb. Ramazan gecəsi həmin klubda olan insanlar bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb. Bəziləri isə bunun ilahi təqdir olduğunu iddia edir.