Bakının gecə klubunda baş verən hadisə fikir ayrılıqlarına səbəb olub. İnsanların bir qismi hesab edir ki, klubdakı partlayış ramazan ayına edilən hörmətsizliyə cavab idi. Məsələ ilə bağlı Elşad Miri öz fikrini bildirib. Bu barədə sonxeber.az xəbər verib.

İlahiyyatçı kimi tanınan Elşad Miri deyib ki, “Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi” fikri vicdanlı insana məxsus deyil. “Bəs Ramazanın 2-ci və ya 3-cü günü baş versəydi, onda nə deyəcəkdilər? Biri məhərrəmlikdə toy etməyin qadağan olduğunu deyir, digəri isə may ayının ağır olduğunu iddia edir…”, – deyə Elşad Miri əlavə edib. O, həmçinin belə insanların dar düşüncəyə malik olduğunu da qeyd edib.

Aprelin 2-dən 3-nə keçən gecə Bakının Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 31 nəfər isə xəsarət alıb. FHN-nin verdiyi məlumata görə, hadisəyə səbəb qaz balonundakı sızma olub.