Azərbaycan məscidlərində Ramazanla bağlı hazırlıq işlər görülmür. Bu barədə Baku TV xəbər verib.
Bildirilib ki, Türkiyədə məscidlər təmizlənir və dezinfeksiya olunur. Lakin Azərbaycanda bu cür tədbirlər müşahidə olunmur. Aidiyyəti şəxslərin ziyarətçilərə yalnız pandemiya qaydalarını xatırlatmaqla kifayətləndikləri qeyd olunub.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlanılsa da heç bir cavab alınmayıb.
Qarşıdan Qədr gecələri gəlir və əhya vaxtı insanlar məscidlərə axın edir. Nəticədə ibadət evlərinin dezinfeksiya olunmaması yoluxmalara səbəb ola bilər.
Bu il Azərbaycanda ramazan ayı aprelin 3-nə təsadüf edir. Lakin Qafqaz müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdə ramazanın ilk gününün aprelin 2-si olduğu qeyd olunub. Bununla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ramazan boyunca QMİ-nin təsdiq etdiyi təqvimə riayətlə bağlı monitorinqlər keçirəcək.