Ramazan ayının daxil olub-olmamasına şəkk edilən günə “Yəvmuş-şəkk” deyilir. Yəni şaban ayının axırı və ya ramazan ayının ilk günü olduğuna şəkk edilən gün.
Ayətullah Sistani, Ayətullah Xamenei və Məkarim Şirazinin hökmlərinə əsasən, şəkk günü oruc tutmaq vacib deyil. Lakin insan həmin gün oruc tutmaq istəyərsə, ramazan ayının niyyəti ilə tuta bilməz, hətta sonradan şəkk günü ramazanın birinci günü olduğu məlum olarsa, sözügedən niyyətlə orucu batil olur.
Hər üç müctəhidin hökmlərinə görə, qəza orucu olan kəs şəkk günündə oruc tutmaq istəsə, orucu qəza niyyəti ilə tutmalıdır. Sonradan ramazan ayının daxil olduğu məlum olsa, tutulan həmin oruc ramazan ayının orucu kimi sayılar. Ramazanın daxil olması məlum olan andan orucun niyyəti ramazan ayının orucunun niyyətinə dəyişdirilməlidir.
Ayətullah Sistani: “Ramazan ayıdırsa, ramazan orucu olsun, ramazan ayı deyilsə, qəza orucu (yaxud müstəhəb və ya başqa bir oruc) olsun”,- deyə niyyət edildiyi təqdirdə orucun doğru olduğunu bildirir. Şəkk günü oruc tutulmursa və sonradan ramazan ayının daxil olması məlum olarsa, bu halda orucu batil edən əməllər görülübsə, rəcaən (Allaha yaxınlaşmaq) niyyəti ilə oruc tutulmalıdır və sonradan bu günün qəzası saxlanmalıdır. Əgər orucu batil edən əməl görülməyibsə və ramazanın daxil olduğu zöhr azanından əvvəl məlum olarsa, niyyət edib oruc tutmaq olar və bu oruc düzgün sayılır. Lakin ayın sabit olması zöhr namazından sonra məlum olsa, insan rəcaən niyyəti ilə oruc tutmalı və sonradan bu günün qəzasını saxlamalıdır.
Şəriət elmində “təqliddə təbiz” adlanan məsələ var. Sözügedən anlayış müəyyən bir alimə təqlid edən şəxsin hər hansı şəriət bölümündə başqa ələm müctəhidə müraciət etməsidir. Məsələn, bir şəxs Ayətullah Sistaniyə təqlid edir, lakin şəriətin oruc babında Ayətullah Xameneinin və ya digər bir alimin hökmlərinə riayət edir. Təəbiz orucun bəzi məsələlərinə deyil, bütövlüklə oruca aid bütün hökmlərə aiddir.
Azərbaycanda ayın sabit olması QMİ tərəfindən elan olunur. Lakin QMİ Şamaxı rəsədxanasına istinad edir. Seyyid Sistaninin fətvasına əsasən isə ayın hilalı xüsusi cihazla deyil, adi gözlə görünməlidir. Nəticədə bəzi illərdə adi gözlə hilalı görmək yalnız növbəti gün mümkün olur.