Məscid Bakının Zığ qəsəbəsində yerləşir. İbadətgahın inşa tarixi hicri-qəməri təqvimi ilə 1240-cı (1824) ilə aiddir. İbadət evi Məşədi Novruz Ağaxan oğlu tərəfindən tikilib.
İbadət evi iki mərtəbədən ibarətdir. İkinci mərtəbədə qadınlar şöbəsi yerləşir. Birinci mərtəbədə də qadınlar üçün sahə var. İbadətgahın döşəməsi kərpicdən, tavanı isə betondandır. İbadət evinin tavanı müxtəlif nəbati ornamentlərlə işlənib. Məscidin mehrabının üstündə ərəbcə daş kitabə var. İbadət evinin günbəzində səkkiz pəncərə qoyulub. Günbəzdə rənglə səkkizguşəli ulduz şəkli işlənib.
Məscid 1936-cı ildə sökülmüşdür və yalnız bünövrəsi qalmışdır. İbadətgah 1988-ci ildən bərpa edilib. 1990-1991-ci illərdə isə məscid kimi fəalliyətə başlayıb. 1995-ci ildə ibadət evinin nəzdində mədrəsə tikilib.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.