Düzgün orucun təməli düzgün niyyətdir. Bəzən insan pəhriz, riyakarlıq və ya sağlam olmaq niyyəti ilə oruc tutur, bu halda oruc batildir. Oruc tutan şəxsin niyyəti Allaha yaxınlaşmaq olmalıdır.

Ayətullah Xamenei, Ayətullah Sistani və Ayətullah Məkarim Şirazinin risaləsinə əsasən, ramazan ayının orucunun niyyəti ilə bağlı hökmlər:

  1. Niyyəti dilə gətirmək və yaxud onun qəlbdən keçirilməsi lazım deyil. Kifayətdir ki, insanın niyyəti Allahın əmrini yerinə yetirmək olsun və sübh azanından məğrib azanınadək orucu batil edən əməllərdən çəkinsin;
  2. Niyyət oruc tutulan günün sübh azanınadək edilməlidir;
  3. Niyyət halında birinci, ikinci və s. günlərin orucunu tutduğunun müəyyən edilməsi lazım deyil. Hətta əgər günü müəyyən etsə, məsələn: “ayın ikinci gününün orucunu tuturam”,- desə və sonra üçüncü günün olduğu məlum olsa belə, onun orucu düzgündür;
  4. Niyyəti ayın əvvəlində bir dəfə bütün ay üçün etmək olar;
  5. Əgər insan axşamdan oruc niyyətində olsa və sübh azanına və hətta məğrib azanınadək yuxudan durmasa, onun orucu düzgün hesab edilir.

Niyyət bir sütun kimidir, yəni insan gün ərzində ramazan ayının orucunu tutub-tutmamaqda şəkk və ya tərəddüd etməməli, o cümlədən orucu batil edən əməli etmək niyyətində olmamalıdır. Yəni insan bir anlıq belə orucunu pozmaq qərarına gəlsə, sonra peşman olsa belə, orucu batil olur. Bu halda o, bu günün orucunu axıra kimi Allaha yaxınlaşmaq niyyəti ilə tutmalı, daha sonra o günün qəzasını yerinə yetirməlidir.