Martın 31-də Milli Məclisin bir sıra deputatı bu il oruc tutacaqları barədə danışıblar. Bu haqda Sonxeber.az millət vəkilləri arasında sorğu keçirib.

Parlament üzvləri arasında səhhəti ilə bağlı oruc tuta bilməyəcəyini söyləyənlər oldu. Lakin elə deputat da var ki, artıq 12 ildir, oruc tutur. Onlardan biri Ramil Həsəndir. “Mən artıq 12 ildir ki, oruc tuturam. Allahın izni ilə, bu il də tutacağam”, – deyə millət vəkili qeyd edib.

Deputat Arzu Nağıyev 7 ildir, İslam dininin vacibatını yerinə yetirsə də, bu il həyat tərzinə görə orucu tərk etməli olacağını bildirib. “Mən əvvəl 7 il oruc tutmuşam. İndi işim və həyat tərzim elədir ki, bu il, yəqin, tuta bilməyəcəyəm. Amma bu, o demək deyil ki, mənim dini etiqadım yoxdur və əməl etmirəm. Sadəcə müəyyən səbəblər var ki, oruc tuta bilmirəm”, – deyə deputat söyləyib.

Asim Mollazadə isə oruc tutmayacağını və bunun səbəbsiz yerə olduğunu deyib: “Oruc tutmayacağam. Bunun səbəbi yoxdur. Sadəcə tutmayacam”.

Əminə Ağazadə və Fatma Yıldırım səhhətləri ilə əlaqədar bu il oruc saxlaya bilməyəcəklərini bildiriblər.

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan üçün 2022-ci ilə aid Ramazan təqvimini dərc edib. Təqvimə əsasən, bu il ölkədə Ramazan ayı aprelin 2-də daxil olacaq. Fitr bayramı isə may ayının 2-3-ü tarixlərinə təsadüf edir.