1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti ilə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətdilər.
Bakıda martın 30-da erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Soyqırım zamanı on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Uşaq, qoca, qadın demədən minlərlə insanı qətlə yetirdilər. Ermənilər məktəbləri, xəstəxanaları, məscid, qəbiristanlıqlar və digər abidələri atəşə tutub, yandırıb, dağıdırdılar. Belə abidələrdən biri “Təzəpir” məscidi idi. İbadətgahın minarələri top atəşinə məruz qalmışdır.
Soyqırımın nəticəsində tək Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Sonrakı dövrlərdə erməni daşnakları azərbaycanlılara qarşı soyqırımı müxtəlif vaxtlarda və ərazilərdə davam etdirib.
Nəriman Nərimanov Şamaxı soyqırımı haqqında belə yazırdı: “…Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar…”. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının bəzi məlumatlarda 7 min, bəzilərində 8-12 min və hətta 40 min olduğu göstərilir. Şamaxı Cümə məscidi də daxil olmaqla bir çox mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.