Ayətullah İrəvani təxminən 1805-ci ildə İrəvan şəhərində anadan olub. “Mollabaşı” ləqəbi illə tanınan Ayətullah Molla Əbdül-Kərim İrəvani Azərbaycanın tanınmış alimlərindən və ziyalılarından biri sayılır.
Onun atası Mirzə Əbdül-Qasım İranda məşhur alim kimi tanınırdı. İrəvani ilk təhsilini atasından və öz şəhərinin ziyalılarından alıb.
İran ilə Rusiya arasında olan muharibədə İran məğlub olduğuna görə Əbdül-Kərim İrəvani ailəsi ilə birlikdə Təbriz şəhərinə köçür.
1823-cü ildə onun atası vəfat edir. Bu səbəbdən, həmil il İrəvani Təbrizdə Nəcəf alimlərindən təhsil almağa başlayır.
İrəvani fəqih olmaqla yanaşı, həmin dövr ərəb və fars ədəbiyyatını bütövlüklə bilən şəxslərdən biri olub. O, “Fars dilinin qaydaları” və “Müxtəsərul-əruz” adlı kitabların müəllifidir.
Əbdül-Kərim İrəvani Təbriz şəhərinin cənub hissəsində “Qaim Məqam” imarətinin yanında bir günbəz, məscid, mədrəsə, su anbarı, qonaq otağı və başqa otaqlar inşa edib. Həmin su anbarı şəhərdə su qıtlığı yaranan zaman altı ay müddətində insanları su ilə təmin edib.
Alim Ayətullah Molla Əbdül-Kərim İrəvani 1877-ci ildə vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.