Bu il ramazan ayında Azərbaycanın bölgələrində təqvimə riayətlə bağlı monitorinqlər keçiriləcək. Bu haqda martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi keçirdiyi müşavirədə açıqlayıb.

Toplantıda komitənin sədri Mübariz Qurbanlı ramazan ayında həyata keçiriləcək planlardan və bölgələrdə keçiriləcək tədbirlərdən danışıb. Bildirilib ki, Dövlət Komitəsinin şöbələri iş fəaliyyətini daha da gücləndirməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər.

Bundan əlavə, qeyd olunub ki, qurumun vəzifələri sırasına QMİ-nin təsdiq etdiyi ramazan təqviminə əməl edilməsinə nəzarət prosesi də daxildir. DQİDK-nın sədr müavini Səyavuş Heydərov müqəddəs ayda saxta təqvimlərin yayılmasının yolverilməz olduğunu vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov təhsil müəssisəsi tərəfindən Ramazan ayında maarifləndirici videoçarxların hazırlanacağını söyləyib.