Bu il də keçən il olduğu kimi, ramazan ayı karantin şəraitində keçirilir. Bir sıra insan hələ də peyvənd olunmayıb. Bəzilərinin 3-cü doza vaksini oruc vaxtına təsadüf edir. Bəs ramazanda peyvənd olunmaq orucu batil edirmi?

Şəriət alimlərinin nəzərinə görə, COVID-19 əleyhinə vaksin vurdurmaq orucu batil etmir. Belə ki, oruc tutan şəxs immuniteti möhkəmləndirən dərman məhlulunu iynə vurdurmaqla qəbul edə bilər.

Ötən il din xadimi Hacı Şahin Həsənli bu məsələyə toxunaraq oruc halında vaksin vurdurmağın şəriətlə qadağan olunmadığını bildirib: “Oruc halında vaksin vurulması insanın səhhətinə ziyan vurmur. Bu barədə həkimlə məsləhətləşmişəm. Mən də vaksin olunmuşam. Birinci doz vurulanda oruclu idim. Həkimlər dedi ki, bununla bağlı heç bir problem yoxdur”, – deyə ilahiyyatçı qeyd edib.