Bu il ramazan ayının ilk günündən sonunadək Bakının Məşədi Dadaş məscidində xütbələr oxunacaq. Bu barədə məscidin axundu Hacı Şahin Həsənli öz saytında xəbər verib.

Bildirilib ki, hər gün zöhr namazı ilahiyyatçı Şahin Həsənlinin imamətilə qılınacaq. Namazdan sonra dualar oxunacaq və din xadimi moizə ilə çıxış edəcək. Məscidə gələ bilməyənlər isə xütbəni ibadətgahın rəsmi səhifələrində saat 13:15-də canlı olaraq dinləyə biləcəklər.

Bundan əlavə, saat 16:00-da Məşədi Dadaş məscidində Hacı Teymur Şirvanlının rəhbərliyi ilə Quran məclisi keçiriləcək. Məlumata görə, müqəddəs ayələri tilavət etmək istəyən şəxs tədbirə qatıla biləcək.

Bu il Azərbaycanda ramazan ayı aprelin 2-də daxil olacaq. Qeyd olunan tarix Şamaxı rəsədxanası tərəfindən təsdiqlənib. Lakin ayı xüsusi cihazlarla deyil, gözlə görməyi vacib buyuran alimlərin müqəllidləri üçün ramazan ayı aprelin 2-si və ya 3-ü sabit olacaq. Ayın sabit olması haqda daha dəqiq məlumat həmin tarixdə ictimaiyyətə bildiriləcək.