Martın 29-da din xadimi Hacı Şahin Həsənli fitrə zəkatının 10-15 manat olmasına münasibət bildirib. Bu barədə ilahiyyatçı Modern.az-a müsahibə verib.

Şahin Həsənli qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi fitrə üçün hər il təxmini hesablamalara uyğun bir rəqəm müəyyən edir. “Bu qiymət təyin olunmalıdır, çünki şəriət hökmü məbləğ soruşur. Ancaq hər kəsin imkanı eyni deyil”, – deyə din xadimi söyləyib.

Şəriətə əsasən, fitrə zəkatı ən azı 3 kiloqram buğda, arpa, un, düyü xurma və ya bu növ qidaların qiyməti qədər pul dəyərində təyin olunur.

İlahiyyatçının sözlərinə görə, aztəminatlı ailələr sadalanan məhsulların bazar qiymətinə uyğun olaraq fitrə çıxara bilərlər. Bundan əlavə, Hacı Şahin imkanlı insanların fitrəni daha çox miqdarda verməsini tövsiyə edir. “Fitrə zəkatı zənginlər tərəfindən yoxsul insanlara ödənilir”, – deyə Şahin Həsənli əlavə edib.

Martın 29-da Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu il üçün fitrə zəkatının məbləğini açıqlayıb. Belə ki, şura bu il adambaşına 10-15 manat civarında fitrə zəkatı verilməsini tövsiyə edir.