Müqəddəs Ramazan ayının başlanması ilə hər bir mükəlləf müsəlmana oruc tutmaq vacib olur. Lakin bəzi hallarda yaşlı və ya xəstə insanlar oruc tuta bilmirlər. Belə olan halda onlara bir sıra vəzifələr vacib olur.

Əgər insan qocalıq və ya xəstəlik səbəbindən Ramazan orucunu tuta bilmirsə, oruc onun üçün vacib olmur. Belə ki, qocalıq səbəbindən oruc tuta bilməyən kəs hər günün müqabilində bir yoxsula fidyə, yəni bir müdd təam (təqribən 750 qram) verməlidir. Belə olan təqdirdə tutulmamış orucların qəzasını tutmaq vacib deyil, müstəhəb hesab edilir.

Əgər insan orucun onun üçün önəmli zərəri olduğuna əmindirsə, yaxud belə bir zərərin mövcudluğunu ehtimal edirsə və bu ehtimal onda qorxu hissi yaradırsa, bu halda oruc tutmaq vacib deyil. Lakin belə bir ehtimal aqil insanların nəzərində əsaslı hesab edilməlidir. Hətta əgər sözügedən zərər ölüm, yaxud cana qarşı cinayət (məsələn, hər hansı bir üzvün itirilməsi) ilə nəticələnəcəksə, onun oruc tutması haramdır. Bu halda oruc tutmayan şəxs hər gün müqabilində yoxsula bir müdd təam (təqribən 750 qram) fidyə verməlidir.

Çətinlik dedikdə, bu, isti hava, yorğunluq və bu qəbildən olan şəraitlərə aid deyil. Məsələ məhz sağlamlığa ciddi zərərlə bağlı olmalıdır.

Digər bir hal isə insana susuz və qidasız qalmağın çətinliyidir. Bu halda oruc tutmaq şiddətli zəifliyə səbəb olarsa, həmin şəxs yalnız zərurət miqdarında qida qəbul edə bilər. Belə vəziyyətdə oruc tutan şəxs günün qalan hissəsini də orucu batil edən əməllərdən uzaq olmalıdır. Lakin həmin günün orucu batil və qəzası vacib olur.

Qeyd olunan məsələlər Ayətullah Seyyid Əli Sistaninin hökmlərinə əsaslanır.