Martın 28-də informasiya məkanında Kəbə evinin köhnə qıfılının qazaxıstanlı zəvvar başçısına hədiyyə olunduğu haqda məlumat yayılıb. Bu barədə islamnews xəbər verib.

Məlumata görə, qıfıl və açar Səudiyyə Ərəbistanı kralının razılığı ilə Nur-Qazaxıstan ziyarət şirkətinin rəhbəri Amangəldi Əbdülxaliqə təqdim olunub. Hədiyyənin üzərində onun 19 mart 2022-ci il tarixli sertifikatı da verilib. Bundan əlavə, həmin qıfılın 1983-cü ildən Kəbə evinin qapısında olduğu qeyd olunub.

Peyğəmbərin (s) zamanından bəri Həzrətin göstərişi ilə müqəddəs evin açarları Qureyşin Bəni-Şeybə ailəsində saxlanılır. Artıq 14 əsrdir, açarlar Bəni-Şeybə qəbiləsində nəsildən nəslə ötürülür. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır. Açarı Əş-Şeybə ailəsindən başqa birisi əlinə aldığı təqdirdə müqəddəs evin qapıları açılmır. Amma bu ailədən kiçik bir uşaq belə açarı götürsə, qapı açılar.