Son günlər Azərbaycanda məktəblilərin hicabla uyğunlaşmayan yeni formaları sosial şəbəkələrdə etiraz dalğası yaradıb.

Martın 18-də Azərbaycanda yeni məktəbli formalarının təsvirləri təsdiqlənib. Lakin həmin uniformalar hicablı şagirdlər üçün uyğun hesab edilmir. Bununla əlaqədar təhsil eksperti Elşən Qafarov Yenisabah.az-a müsahibəsində baş örtüyünün formaya daxil olmadığını bildirib.

“Baş örtüyü uniformaya daxil deyil. Hicab olmayacaq. Ümumiyyətlə, məktəblərdə hicab olmamalıdır”, – deyə ekspert qeyd edib. O əlavə edib ki, yeni formalar uşaqların xoşuna gələcək. Elşən Qafarov yeni məktəbli formasını həm də müasir və mədəni geyim adlandırıb.

Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, bu gün məktəblərdə ən böyük problem narkomaniyadır. Belə bir vəziyyət olduğu halda, təhsil ekspertinin hicaba qadağa dəstəyi məqsədəuyğun hesab edilmir.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov da fikir bildirib. O, Elşən Qafarovdan fərgli olaraq hesab edir ki, məktəbli formalarının ümumi dizaynına uyğunlaşdırılmış baş örtüyü də müəyyənləşsə idi, yaxşı olardı. Kamran Əsədovun sözlərinə görə, hicab qadağası heç bir qanunda nəzərdə tutulmayıb. Ekspert, həmçinin hicabın təhsil keyfiyyətinə ziyan vurmadığını qeyd edib. O, bunu abituriyentlər arasında 700 bal toplamış hicablı qızların olması ilə əsaslandırıb.