Məscid Gəncə şəhərində Heydər Əliyev prospektinin 581-591 ünvanında yerləşir. Bəzi mənbələrdə ibadətgahın XVII əsrdə inşa olunduğu göstərilsə də, ibadət evinin tikinti tarixi XIX əsrə aiddir. Məscid Zərrabi məhəlləsinin ağsaqqalları olan Hacı Qəzənfər Kərbəlayi, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlunun təşəbbüsü və yerli sakinlərin vəsaiti ilə inşa edilib.

Ehtimal edilir ki, Qədim Gəncə ərazisində də Zərrabi məscidi mövcud olub. Lakin ibadətgah 1139-cu ilin zəlzələsindən sonra dağılıb.

İbadətgah iki günbəzlidir, eyvanlı məscidlər tipində inşa edilib. İbadət evi üç hissədən ibarətdir: ibadət zalı, eyvan və kiçik otaq. İbadət zalında yer olmayanda camaat eyvandan da istifadə edib.

Sovet dövründə ibadət evindən yaşayış binası kimi də istifadə olunub. Sonra isə 1979-cu ilin oktyabr ayından burada “Nizami Poeziya Teatrı” fəaliyyətə başlayıb.

Hal-hazırda ibadətgah Gəncə Dövlət Dram Teatrının açıq hava səhnəsi kimi fəaliyyət göstərir və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir filialı burada yerləşir.

Zərrabi məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr: 

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001
  2. http://kepeztv.az
  3. http://www.mct.gov.az
  4. https://gencexeber.az