Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib ki, aprelin 2-si Ramazan ayı daxil olacaq. Bu barədə martın 25-i APA xəbər verib.

Bildirilir ki, QMİ Şamaxı Rəsədxanasına sorğu göndərib. “Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən, aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir”, – deyə sədr müavini qeyd edib.

Ramazan bayramı ilə bağlı Fuad Nurullayev belə bildirib: “Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən, mayın 2-3-ü Ramazan bayramıdır”.

Ramazan ayının daxil olunması haqda dəqiq məlumat aprel ayının əvvəlində ayı görüncə bilinəcək. Ramazan ayından öncə gələn ay şaban ayıdır. Şaban ayı mart ayının 4-ü daxil olub. Hicrətin ayları 29 və ya 30 gündən ibarət olur. Belə ki, şaban ayının 29-cu günü aprel ayının 1-nə təsadüf edir. Sözügedən ay 29 gündən ibarət olsa, ramazan ayı aprelin 2-nə təsadüf edəcək, şaban 30 gündən ibarət olsa isə ramazan ayı aprelin 3-ü daxil olacaq.