Martın 23-ü Pakistanın İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edib. Qətnamə İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında qəbul olunub. Bu barədə Trend xəbər verib.

Qətnamədə Ermənistan tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş cinayət pislənib və təşkilata üzv dövlətlər Xocalı soyqırımının yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə səslənilib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində dinc sakinlərə qarşı genosid aktı həyata keçiriblər.

Xocalı soyqırımı zamanı 613 nəfər həlak olmuş, 487 dinc sakin yaralanmışdır. Həlak olanların arasında 63 uşaq, 106 qadın, 70 qoca var idi. 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1 275 nəfər əsir götürülmüşdür, onların 150-sinin taleyi bu günədək məlum deyil.